Çimərlik voleybolu üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib.
Bu gün 16-19 iyul tarixlərində təşkil olunacaq çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi baş tutub.
Bakı Su İdmanı Sarayında keçirilən tədbirdə Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə, çimərlik voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə, ölkə çempionatının layihə rəhbəri Valeriya Romanoviç və klubların nümayəndələri iştirak ediblər.
İlk olaraq V.Hüseynzadə hər kəsi salamlayıb, ölkə birinciliyində iştirak edən komandalara uğurlar arzu edib. O, bu ilki çempionatın daha da maraqlı olacağına inamını ifadə edib.
Daha sonra O.Hüseynzadə yarışın qaydaları haqqında ətraflı məlumat verib. Hüseynzadə bildirib ki, yarış Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən klublararası Avropa çempionatının qaydalarına uyğun təşkil olunacaq. Ölkə birinciliyinin qalibi olacaq komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq. O, xatırladıb ki, ötən mövsüm ilk dəfə keçirilən klublararası Avropa çempionatında kişi komandaları arasında qalib ölkəmizi təmsil etmiş “Murov Az Terminal” klubu olmuşdur.
Ardınca püşkatma mərasimi keçirilib.
Ölkə birinciliyində 9 qadın, 10 kişi klubu iştirak edəcək. Reqlamentə əsasən hər klub yarışda iki komanda ilə, 16 yaşdan yuxarı idmançılarla qatıla bilərlər.
Bakı Su İdmanı Sarayında keçiriləcək yarışda iştirak edən klublar:
Qadınlar:
A qrupu: “AZERRAIL-1”, “AZERRAIL-2”, “Xarı Bülbül Şuşa”, “Gəncə”
B qrupu: “Milli Aviasiya Akademiyası”, “Qaraqaya”, “Şəmkir”, “7 İOEUGİM”, “Murov Az Terminal”
Kişilər:
A qrupu: “Şəmkir”, “Zəfər”, “AZERRAIL-2”, “Murov Az Terminal-2”, “Xarı Bülbül Şuşa”
B qrupu: “AZERRAIL-1”, “AZERRAIL-3”, “Murov Az Terminal”, MOİK, “Qaraqaya”