Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növü. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz hokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir.
Yaranışı və dünyaya yayılması
Uilyam Morqan
Voleybol oyunu 1895-ci ildə ABŞ-də bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu “Mintonette” adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir.

Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi. Belə ki, o, tennis meydançasından istifadə edərək iş adamlarının hərəsini torun bir tərəfinə keçirmişdir. Basketbol topunun kamerindən düzəltdiyi elastik topla isə zərbə vurmaqlarını və rəqib tərəfə göndərmələrini istəmişdir. Bununla da o, çox da yorucu olmayan, əyləncə məqsədli, zədələnmələrə yol açmayan rəqabət hisli bir oyunun əsasını qoydu.
1906-cı ildə Sprinqfild kollecində Y. M. C. A konqresi bir araya gələrək Dr. Mintonette adını “volleyball” olaraq dəyişdirmişdir. Çünki, oyunda əsas məqsəd topu önə və geriyə gətirmək idi ki, bu da ingilis dilində “volley” demək idi. Bir oyun kimi voleybol ilk öncə Amerika Birləşmiş Ştatlarında iş adamları tərəfindən oynanılan meydançada görülmüşdür. 1900-cü ildə Kanada bu idman növünü mənimsəyən ilk ölkə olmuşdur. Beynəlxalq şirkət olan Y. M. C. A isə voleybolu bütün dünyaya yaymaq da rəhbərlik rolunu oynamışdır. İlk beynəlxalq turnir isə 1913-cü ildə Asiya qitəsində keçirilmişdir. Turnirə Çin, Yaponiya və Filippin qatılmışdır. Turnirdə setlərdəki xal sayı 21 olmuşdur.
Birinci dünya müharibəsi illərində Avropaya gedən amerikan əsgərləri voleybolu bu qitədə tanıtmağa başlamışlar. 1917-ci ildə Y. M. C. A nümayəndələri bu idmanı Fransada da yaymışlar. Eyni ildə Çexoslovakiyada oynanmağa başlanmışdır və setlərdəki xal sayı 21-dən 15-ə endirilmişdir. 2,13 metr olan tor yüksəkliyi 2,43 metrə yüksəldilmişdir. 1918-ci ildə isə meydançadakı oyunçuların sayı 6 nəfər qəbul edilmişdir. 1920-ci ildə artıq Şərqi Avropada da məşhurlaşan voleybolda hər ölkə fərqli qaydalara riayət edirdi. Məsələn, Asiya qitəsinə voleybol 9 nəfərlə və daha alçaq torla oynanılırdı. 1930-cu ildə isə voleybolun plyajda oynanılan forması çimərlik voleybolu məşhurlaşmışdır.
İlk voleybol turnirləri və iştirakçı ölkələr
Manzanardakı turnirdə Yaponiya və ABŞ qadın voleybolçuları üz-üzə, 1943.
İlk beynəlxalq voleybol turniri 1922-ci ildə Y. M. C. A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur.
1946-cı ildə ilk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır. Braziliyalı Selio Neqreiros de Barros adlı şəxs bu konfederasiyasının rəhbəri olur. Maraqlısı budur ki, Cənubi Amerika Voleybol Konfederasiyası Beynəlxalq Voleybol Federasiyasından daha öncə yaradılmışdır. Belə ki, yalnız 1947-ci ildə Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsası qoyulmuşdur. Bu federasiyaya ilk abunə olan ölkələr isə bunlar idi: ABŞ, Belçika, Braziliya, Fransa, Hollandiya, İtaliya, Macarıstan, Misir, Portuqaliya, Polşa, Uruqvay və Yuqoslaviya. Braziliya ilə Uruqvay eyni zamanda CSV-nın da üzvləri idi. Yalnız bundan sonra 1952-ci ildə Asiya Voleybol Konfederasiyası, 9 il sonra isə Avropa Voleybol Konfederasiyası yaradılmışdır.[12] Şimali Amerika və Afrikadakı ilk belə qurumların yaradılması isə 1972-ci ilədək sonlanmışdır.
1947-ci ilk dəfə olaraq voleybol üzrə dünya çempionatı təşkil edilmişdir. Kişilər arasında keçirilən turnirdə sonda qalib adına Çexoslovakiya layiq görülmüşdü. 1952-ci ildə isə qadınlar arasında dünya çempionatı təşkil olunmuşdur. SSRİ-nin çempionluğu ilə bitən turnirdə Polşa ikinci, Çexoslovakiya isə üçüncü yeri tutmuşdu. Digər iştirkaçı ölkələrdən Bolqarıstan, Rumıniya, Macarıstan, Fransa, Hindistan milliləri isə sıralarına görə dördüncü, səkkizinci yerlərdə qərarlaşmışdılar.
Olimpiya oyunlarında
Voleybol oyunu 1957-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirdiyi 53-cü sessiyasında Yay Olimpiya Oyunlarının proqramına salınmışdır. Qərara əsasən yeddi il sonra yəni; 1964-cü ildə Tokyoda keçirilən Yay Olimpiya Oyunlarının idman yarışları proqramında voleybolunda 2 növü olmalı idi. Bunlar kişi və qadın milli voleybol komandalarının iştirak edəcəyi turnirlər idi. Sonda Sovet Sosialist Respublikaları İttifaqının olimpiyaçıları kişilərin yarışlarında ilk olimpiya çempionları olmuşdular. Gümüş medalı Yaponiya, bürünc medalı isə Çexoslovakiya olimpiyaçıları qazanmışdılar. Yaponiyanın çempionluğu ilə başa çatan qadınların turnirində isə gümüş medal SSRİ-yə, bürünc medal isə Polşaya qismət olmuşdur.
1972-ci ilədək Yay Olimpiya Oyunlarında voleybol yarışları çox fərqli sistemdə keçirilirdi. Belə ki, kişilərin yarışında Olimpiya Oyunlarına lisenziya əldə etmiş 10 komanda bir qrupa toplanırdı və bu komandalar hamısı bir-biri ilə qarşılaşırdı. Liqa üsulu ilə keçirilən doqquz turluq oyunlarda ilk üç yeri tutmuş komandalar aktivinə medal yazdırırdı. Bu sistem isə heç də sərfəli deyildi. Çünki, bəzi zəif komandalar artıq turnirin ortalarında topladığı az xallarla medal şanslarını itirirdilər və onların bir-biri ilə keçirdikləri qarşılaşmalar heç bir marağa səbəb olmurdu. Beynəlxalq Olimpiya Komitəsi də bu hadisəni yaxından müşahidə edərək çox mühüm qərara əl atdı. Belə ki, 1972 Yay Olimpiya Oyunlarından etibərən kişilərin yarışlarında komandaların sayı 2 ədəd artırılaraq 12-ə çıxardıldı və sistemdə də dəyişikliyə əl atıldı. Yeni sistemə əsasən komandalar bir qrupda deyil, 2 qrupda mübarizə aparmalı idilər. Hər qrupda ilk dörd yeri tutan milli komandalar isə dörddəbir final mərhələsinə yüksəlirdi. Bu mərhələdə müvafiq olaraq “A” qrupunun birincisi “B” qrupunun dördüncüsü ilə, ikincisi üçüncüsü ilə, üçüncüsü ikincisi ilə, dördüncüsü isə birincisi ilə qarşılaşırdı. Həmin mərhələdə qalib gəlmiş komandalar isə yarımfinal, daha sonra isə final mərhələsinə yüksəlirdi. Finalda qalib gəlmiş komanda qızıl, məğlub olmuş komanda gümüş medalı əldə edirdi. Bürünc medalı isə yarımfinalda məğlub olmuş komandaların əlavə oyununda qalib kimi çıxan komanda qazanırdı. Bu üsulla keçirilən ilk yarışda – Münhen olimpiadasında Yaponiya kişi milli komandası qalib gəlmişdir. Qeyd edək ki, turnirin marağını birə-beş artıran bu sistem hal-hazırda da Olimpiya Oyunlarında həm kişilərin, həm də qadınların yarışında istifadə olunur.
Qadınların ilk Olimpiya yarışlarında diqqət çəkən komanda SSRİ idi. Onlar 1964 və 1968 Yay Olimpiya Oyunlarında qızıl medalları qazanmışdılar. Hər iki yarışda medal qazanan digər bir ölkə isə Yaponiya idi. Bu komandanın olimpiyaçıları ilk olaraq gümüş, sonra isə bürünc medalı əldə etmişdilər. Onlar 1972-ci ildə kişilərin yarışında isə qızıl medalı qazanaraq voleybol tarixlərində ilk olimpiya qızıllarını əldə etdilər. 1984 Yay Olimpiya Oyunlarında isə əvvəlki turnirlərin favoriti SSRİ nə kişilərin yarışında, nə də qadınların yarışında iştirak etmişdir. Belə ki, SSRİ olimpiyaçıları Los-Anceles şəhərində keçirilən yarışları boykot etmişdilər. Sonda qadınların turnirində Çin qadın milli voleybol komandası gülmüşdür. Onlar finalda ev sahibi ABŞ voleybolçularına heç bir set verməmişdir. Kişilərin turnirində isə bu səfər amerikalılar heç bir rəqibinə şans verməmişdi. ABŞ-lılar yarımfinalda Kanada, finalda isə Braziliya voleybolçularını “3–0” kimi quru hesabla məğlub etmişdilər.
2012 London Yay Olimpiya Oyunlarında Rusiya kişilərin yarışında müstəqil olduqdan sonrakı ilk qızıl medalını əldə edərək Olimpiya Oyunlarının tarixinə keçmişdir. Finalda məğlub etdikləri Braziliya millisi qadınların turnirində böyük əzmkarlıq göstərərək qızıl medal əldə etmiş və ümumiyyətlə həmin Olimpiadada voleybol idmanından iki medal əldə etmişdi. Onlara qızıl medalı qazanmaq isə heç də asan başa gəlmir. Cənubi amerikalılar yer aldıqlarıı “B” qrupundan son anda Türkiyə millil komandasını geridə qoyaraq dördüncü olmuş və dördəbir final mərhələsinə son bileti əldə etmişdi. Bu mərhələdə kişilərin finalında uduzacaqları rus voleybolçularını gərgin keçən 5 setin sonunda “3–2” hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi. Yarımfinal oyununda Rusiya qarşısındakı əzmkar oyundan sonra bir qədər yorğun olmasına baxmayaraq İtaliyaya heç bir şans verməmiş və “3–0” qalib gəlmişdir. Finalda, 11 avqust 2012 tarixində Londondakı Earls Court Exhibition Centre arenasında on üç min azarkeşin önündə oynanılan matçda 3–1 qalib gələrək qadınların yarışında ikinci ümumilikdə isə dördüncü olimpiya qızılını qazanmışdır. Bununla da Braziliya Olimpiya Oyunlarının voleybol tarixində ən uğurlu ikinci komanda olmağı bacardılar.
Azərbaycanda voleybol hələ XX əsrin ortalarından məşhurlaşmağa başlamışdı. Xüsusilə qadın voleybolu ölkədə inkişaf edirdi. Dünyada ilk və hələki yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. 18 yaşlı azərbaycanlı voleybolçu İnna Rıskal [[SSRİ qadın milli voleybol komandası |SSRİ]] milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirak etdi. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxır. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olur. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Riskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edir və komandanın liderlərindən birinə çevrilir. Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atmış olur. Qürurvericidir ki bu rekord hələ də yenilənməyib və bir Azərbaycan voleybolunun yetirməsi bu ünvanı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir Azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının mükafatlarını qazanmışdır. Və daha bir qürurverici fakt ondan ibarətdir ki SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış etmişdir və onun ən böyük uğurlarında pay sahibi olmuşdur.
1966 və 1972-ci illərdə Azərbaycanın qadınlardan ibarət Neftçi voleybol klubu SSRİ çempionatının bürünc mükafatlarını qazanmışdır. Neftçi voleybol klubunun oyunçuları həmçinin 1967-ci ildə Azərbaycan milli komandası adı altında SSRİ ölkələri çempionatlarının bürünc mükafatlarını qazanmışlar. Bakının BMKZ komandası 1990-cı ildə SSRİ çempionatının bürünc mükafatına yiyələnir və ardından 1991-ci ildə SSRİ Kubokunun qalibi olur. Bu Kubok SSRİ-nin dağılması səbəbiylə son kubok olur. 1993-cü ildə BMKZ komandası ilk müstəqil Azərbaycan voleybol klubu adı altında Avropa Kuboklar Kuboku turnirində iştirak edir və yalniz finalda məğlub olaraq Avropa Kubokunun gümüş medalını qazanır. aMüstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edir və 9-cu yeri tutur. Sənədlərin doldurulması zamanı edilən səhvlərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətinə diskvalifikasiya olunur. Olduqca qüvvətli və perspektivli voleybolçulara malik olan Azərbaycan voleybolu bu üç il ərzində inanılmaz itkilərə məruz qalır. Və beləliklə Yelena Şabovta, Alla Həsənova, Alla Teterina, Viktoriya Ravva, Oksana Məmmədyarova kimi oyunçular Türkiyə, Rusiya və başqa ölkələrə üz tutmalı olurlar. Bu oyunçularla yanaşı Feliks Məmmədov, Faiq Qarayev kimi tanınmış mütəxəssislər də Türkiyə kimi ölkələrə üz tuturlar. Və təsadüfi deyil ki, onların səyi nəticəsində Turkiyədə voleybol daha da inkişaf etməyə başladı. Faiq Qarayev Türkiyə milli komandasını Avropa Elitasına çıxardaraq böyük bir uğura imza atdı. Uzun müddət Turkiyədə çıxış etdikdən sonra Azərbaycanın o zamankı Olimpiya komitəsinin prezidenti, indiki ölkə prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Faiq Qarayev və voleybolçu qızlarımız Azərbaycan voleyboluna qaytarıldılar. Əlbəttə zamanla bərabər potensial itkisiylə də üzləşməli olduq. Azərbaycan voleybolunun ən gələcək vəd edən oyunçuları Viktoriya Ravva, Nisə Quliyeva, Melis Həmşəri və başqa neçə-neçə oyunçular bir daha Azərbaycana qayıtmadılar. İndi onlar Fransa, Türkiyə kimi komandaların heyətində qazanılan uğurlarda pay sahibi olmuşlar. Amma onlarsız belə uğur özünü çox gözlətmir. Faiq Qarayev veteran voleybolçularımız Şabovta, Həsənova kimi oyunçuların yanına yetişdirdiyi gənc oyunçuları da əlavə edərək uğurların davamını gətirməyə başlayır.
Tarixi uğurların başlanğıcı
Voleybolumuzun qazandığı mükafatlardan bir neçəsi
Vətənə dönən Faiq Qarayev dərhal qadınlardan ibarət milli yığma komandaya və “Azərreyl” voleybol klubuna baş məşqçi təyin olunur. 2002-ci ildə “Azərreyl” Voleybol Klubu Avropa “Top Komandalar” kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda oldu.
2004-cü ildə isə “Azərreyl” Voleybol Klubu Avropa Çempionlar Liqasının “Dördlər Finalı”nda iştirak etmişdir. Bununla yanaşı qadınlardan ibarət Milli yığma komanda da qitə və dünya birinciliklərində Azərbaycanı layiqincə təmsil edmişdir.
Milli komanda 2005-ci ildə Avropa “Qran-Pri” turnirinin qalibi olmuş və Xorvatiyada keçirilən Avropa Çempionatında 4-cü yeri tutmuşdur. Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Azərbaycan Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır. Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir. Bu müddət ərzində Azərbaycanda uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır.
Həmçinin Azərbaycanı Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır. Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır.
