ÇİMƏRLİK VOLEYBOLU

Çimərlik voleybolu (və ya plyaj voleybolu) — iki-ikiyə çimərlikdə oynanılan voleybol oyunu. Bu idman növündə ilk beynəlxalq turnirin keçirilməsi 1924-cü ilə təsadüf edir. Onu ilk dəfə oynayanlar isə 1915-ci ildə kaliforniyalılar olmuşlar. Çimərlik voleybolu Yay Olimpiya Oyunlarının proqramına isə ilk dəfə 1996-cı ildə salınıb. Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunlarında olduqca bəyənilən çimərlik voleybolu o gündən bəri Olimpiya Oyunlarının proqramındadır. Müasir dövrümüzdə də bu idman növünün həm kişi, həm də qadınlar arasında keçirilən yarışları məşhurdur.

Kişilərin çimərlik voleybolu yarışlarında ən diqqət çəkən ölkə heç şübhəsiz Amerika Birləşmiş Ştatları olimpiyaçılarıdır. Onlar üç dəfə bu yarışlarda qalib adına layiq görülmüşlər. Hətta 1996 Yay Olimpiya Oyunlarında finalda iki amreikan cütlüyü qarşılaşmış və qızıl, gümüş medalın hər ikisi ev sahibi ölkə olan ABŞ-yə getmişdir.

ABŞ olimpiyaçılardan sonra turnirdə ən çox medal qazanmış ölkə Braziliyadır. Onlar kişilərin çimərlik voleybolu turnirlərində 1 dəfə qızıl, üç dəfə gümüş, bir dəfə də bürünc medal qazanmışlar. Braziliyalı Rikardo Santos isə ən çox medal qazanmış kişi çimərlik voleybolçusudur. Onun kolleksiyasında hər üç olimpiya medalı vardır. Rikardodan sonra ən çox olimpiya medalını qazanan çimərlik voleybolçusu isə Emanuel Raqodur. 2008 Yay Olimpiya Oyunlarında Rikardo ilə bürünc qazanmış voleybolçu dörd il sonra Alison Cerutti ilə final həyəcanı yaşamışdır.

Qadınların yarışlarında ən güclü komanda ABŞ olimpiyaçılarıdır. Onlar son üç Olimpiya Oyunlarının qalibləridir. Hətta London Yay Olimpiya Oyunlarında finalda Amerika cütlükləri qarşılaşmışdılar.