Baku, June 11, AZERTAC
“Milli Aviasiya Akademiyası” voleybol komandasının italiyalı yeni baş məşqçisi Covanni Torçio AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
– Yeni mövsümdən “Milli Aviasiya Akademiyası” voleybol komandasının baş məşqçi postunda çalışcaqsınız. Bu kluba təyinatınız necə baş tutdu?
– Agentim Azərbaycandan təklif olduğunu bildirdi. Daha sonra klubun prezidenti Vüqar Məmmədovla səmimi söhbətimiz oldu və anlaşma əldə etdik. Yeni macəraları sevən insanam. Burada olmaq mənim üçün çox xoşdur.
– Azərbaycan voleybolu barədə daha əvvəl məlumatınız var idi?
– Əlbəttə, Azərbaycan voleybolu barədə məlumata sahibəm. Ölkənizdə bu idman növündəki uğurları ilə tanınan Faiq Qarayev kimi mütəxəssis var. Qadınlardan ibarət yığma onun rəhbərliyi altında Avropadakı çıxışı ilə çox yaxşı iz qoyub. 10 il əvvəl Azərbaycanda oynamış bir neçə keçmiş voleybolçum olub. Onlar hər zaman ölkəniz barədə müsbət fikirlər səsləndiriblər.
– “Milli Aviasiya Akademiyası” klubu ötən mövsüm təsis edilib. Komanda ilk ilində ölkə çempionatında beşinci yeri tutdu. Builki hədəf nə olacaq?
– Azərbaycan çempionatı yeni-yeni inkişaf edir. Heç bir komanda yarandığı ilk mövsümdə uğurlu çıxış edə bilməz. Çünki zaman lazımdır. Zəhmət və fədakarlıq uğurlu mövsümün əsas açarıdır. Biz də əlimizdən gələni edəcəyik ki, ilk “dördlük”də yer alaraq pley-offa vəsiqə qazanaq.
– Sizdən əvvəl Azərbaycanda bir neçə italiyalı məşqçi işləyib. Onlar arasında “Rabitə” komandası ilə ölkə çempionu olmuş və Çempionlar Liqasının finalında mübarizə aparmış Marsello Abbondanza var. Bura gələrkən həmyerlinizdən Azərbaycan voleybolu barədə soruşmusunuz?
– Bəli, məndən əvvəl burada həmyerlilərim işləyib. Onlar burada uğurlu nəticələr qazanıblar. Elə siz qeyd etdiyiniz Marsello Abbondanzanın adını çəkə bilərəm. Lakin onların heç birindən məlumat almamışam. Çünki hər zaman öz fikirlərim olub. Burada işimin uğurlu alınacağına inanıram.
– Necə düşünürsünüz, komandanı yeni mövsümdə çempion edə bilərsiniz?
– İlk mövsümdə çempion olmaq çətin olacaq. Lakin mümkünsüz heç nə yoxdur. Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Komandaya italiyalı voleybolçular cəlb etməyi düşünürsünüz?
– Xeyr. Çünki italiyalı voleybolçular adətən öz ölkələrində oynamağı sevirlər. Onları başqa çempionata gətirmək o qədər də asan deyil.
– Azərbaycanlı voleybolçulardan kimləri daha çox bəyənirsiniz?
– Azərbaycan millisində Nikalina Başnakova, Marina Abuyeva, Leyla Parşkova və Sənubər Ələsgərova kimi istedadlı voleybolçuların adlarını qeyd edə bilərəm. Polina Rəhimova kimi çox yaxşı hücumçunuz var. Onu İtaliya çempionatındakı performansından tanıyıram. Ölkə voleybolunun səviyyəsi çox yüksək və rəqabətlidir. Federasiya bu idman növünün inkişafı üçün böyük işlər görür. Bu mövsüm məqsədimiz “Azərreyl”ə qarşı sonadək mübarizə aparmaqdır. Hər bir oyunçu və məşqçi mövsümün sonunda çempion olmağı arzulayır.
– Azərbaycan çempionatında “Azərreyl” kimi hər il qızıl medallar uğrunda mübarizə aparan komanda var. Bu rəqiblə necə rəqabət aparacağınızı bilirsiniz?
– “Azərreyl”i avrokuboklardakı çıxışı ilə tanıyıram. Bu komandanın səviyyəsini çox yaxşı bilirəm. Azərbaycanın ən yaxşı komandasına meydan oxumaq istəyirik.